BAKI, 1 oktyabr. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib.

Teleqraf xəbər verir ki, Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb.

“Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçiləri və onların yerinə yetirdiyi tarixi missiyanı məqsədli şəkildə gözdən salan qərəzli fəaliyyət mahiyyət etibarilə antiamerikandır. Bu, iyrəncdir. Bu, dövlətə xəyanətdir”, – nazir bildirib.

Pentaqon rəhbəri Amerika mediasının İranın dövlət informasiya vasitələri ilə müqayisədə belə qeyri-obyektiv göründüyünü iddia edib.

Heqset jurnalistləri Pentaqondakı mənbələrinə istinad edərək ABŞ hərbçilərinin hərəkət istiqamətləri və hərbi bazalar haqqında məlumat yaymaqda günahlandırıb. Onun sözlərinə görə, bu cür məlumatların açıqlanması hərbçilərin həyatını təhlükəyə atır.

Nazir çıxışı zamanı Pentaqonda həyata keçiriləcək yeni təşəbbüsləri də açıqlayıb. Bunlara ABŞ ərazisində yeni hərbi bazanın tikintisi, dini məsələlər üzrə ayrıca idarənin yaradılması və ölkənin daxili təchizat zəncirlərinin gücləndirilməsi daxildir.

Bundan əlavə, beş universitetdə hərbi kursantların hazırlanması üçün yeni proqramların tətbiqi nəzərdə tutulur.

Heqset “Silahlı Qüvvələrin vəziyyəti haqqında” adlandırdığı çıxışını hər il keçirməyi planlaşdırdığını bildirib.

.