BAKI, 30 sentyabr. TELEQRAF
Türkiyə ABŞ, İsrail və İran arasındakı hərbi münaqişənin regionda qeyri-sabitliyə səbəb olduğunu və bunun qlobal nəticələrinin daha da pisləşdiyini qeyd edərək Vaşinqton və Tehranı danışıqlar masasına qayıtmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Departamenti tərəfindən yayılan bəyanatda qeyd olunur: "ABŞ, İsrail və İran arasında davam edən toqquşmalar səbəbindən qapalı bir dairəyə çevrilən müharibənin bölgədə qeyri-sabitliyə səbəb olub. Tərəflərin danışıqlara qayıtmaq və qlobal nəticələri getdikcə pisləşən münaqişəyə son qoyması lazımdır".
Bəyanatda bildirilir ki, İsrail hakimiyyəti Qəzza zolağında və Livanda sülhün bərqərar olması ilə bağlı öhdəliklərini yerinə yetirməyərək bölgədəki təcavüzkar hərəkətlərini davam etdirir: "Beynəlxalq ictimaiyyət Suriyanın ərazi bütövlüyünü və suverenliyini pozaraq bölgədə sabitliyə mane olan İsrail hakimiyyəti ilə üzləşməlidir".