BAKI, 30 sentyabr. TELEQRAF
"Millətlər Liqasında ikinci oyunumuza çıxacağıq. Turnir cədvəlində ilk pillədə yer almaq istəyiriksə, evdə mütləq qalib gəlməliyik. Rəqibi yaxından tanıyırıq, son matçlarını izləmişik. İstəkli komandadır, itirəcəkləri heç nə olmadığından kompakt müdafiə olunmağa çalışacaqlar. Tələssək, oyunu düzgün qurmasaq, çətinlik çəkə bilərik".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis komandadakı zədəlilər barədə məlumat verərək Renat Dadaşovun sıradan çıxdığını bildirib:
"Litva ilə oyundan sonra xırda zədələrimiz çoxaldı. Renat Dadaşovu demək olar ki, itirmişik. Bəlli oldu ki, bu oyunda bizə kömək edə bilməyəcək. Hətta növbəti matçda iştirakı da sual altındadır. Digər oyunçularda xırda zədələr olsa da, oynamağa hazırdırlar".
Baş məşqçi rəqibin oyun üslubuna və millinin taktiki hazırlığına da toxunub:
"Litva ilə Lixtenşteyn tam fərqli futbol oynayır. Bu matçda müdafiəni yarmaq və imkanları qolla yekunlaşdırmaq vacibdir. Üç məşqdir bunun üzərində çalışırıq. Əks-hücumlara diqqət yetirib qapımızı toxunulmaz saxlamalıyıq. Millətlər Liqasında daha çox hücum etməli, dominant oynamalıyıq. Əvvəlki rəqiblərimiz Fransa və Ukrayna olduğu üçün bu, bizdə az alınırdı. Komandama inanıram, azarkeşlərimizin də gəlib bizə dəstək olacağına ümid edirəm".
A.Abbasov milliyə dəvət edilməyən Zamiq Əliyevin açıqlamasına da münasibət bildirib:
"Zamiqlə şəxsi heç bir problemimiz yoxdur, onun oyunlarını izləyirik. Sadəcə, məşqçi seçimi başqadır. Hazırda həmin mövqedə Rəhman Daşdəmirov, Anton Krivotsyuk stabil oynayır, Murad Xaçayev isə "Neftçi"də yaxşı çıxış edir. Biz bu üç futbolçuya üstünlük vermişik. Amma bu, Zamiqi bəyənmədiyimiz anlamına gəlmir. İrəlidə ona da dəvət göndərilə bilər".
Qeyd edək ki, Millətlər Liqasının D Liqasının 2-ci qrupunda keçiriləcək Azərbaycan – Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.