BAKI, 1 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən insidentin terror cəhdi ola biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ liderinin sözlərinə görə, o, hadisəni İsrailin Baş naziri Benyamin Netanyahu ilə ətraflı müzakirə edib. Tramp bildirib ki, ilkin məlumatlara əsasən, ikinci pilot kapitana bıçaqla hücum edib. O, həmin şəxsin “terrorçu və ya ruhi problemi olan biri” ola biləcəyini söyləyib.
Təyyarənin qəsdən qəzaya uğradılmasına cəhd edilib-edilmədiyi barədə suala Tramp “bunu hələ bilmirlər” cavabını verib.
“Flydubai” şirkəti isə FZ1073 reysinin pilot kabinəsində insident baş verdiyini təsdiqləyib, lakin hadisənin səbəb və motivlərinin hələ müəyyənləşdirilmədiyini bildirib. Təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərinə təhlükəsiz eniş edib. Bütün sərnişinlərin sağ-salamat olduğu açıqlanıb.
Netanyahu daha əvvəl ikinci pilotun kapitana bıçaqla hücum etdiyini və təyyarəni qəzaya uğratmağa çalışdığını bildirmişdi. Sərnişinlər və ekipaj üzvləri həmin şəxsi zərərsizləşdiriblər. Hadisənin terror aktına cəhd olub-olmadığı araşdırılır.