BAKI, 30 sentyabr. TELEQRAF
İngiltərə Premyer Liqası “Mançester Siti”nin maliyyə qaydalarını pozduğunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, liqa rəhbərliyinin açıqlamasına əsasən, klub 9 mövsüm ərzində maliyyə qaydalarını bir neçə dəfə pozub.
Bildirilib ki, “Mançester Siti” bəzi kommersiya tərəfdaşları ilə saxta müqavilələr imzalayaraq gəlirlərini süni şəkildə artırıb, xərclərini isə olduğundan aşağı göstərib. Klub həmçinin maliyyə vəziyyəti ilə bağlı auditorlardan və futbol qurumlarından məlumatları gizlədərək saxta maliyyə hesabatları təqdim edib.
Bundan başqa, İngiltərə Premyer Liqası və UEFA-nın müəyyən etdiyi xərcləmə limitlərinin ciddi şəkildə aşılması da təsdiqlənib. Klubun araşdırma zamanı liqa rəhbərliyi ilə əməkdaşlıq etmədiyi və bu öhdəliyi dəfələrlə pozduğu bildirilib.
“Mançester Siti” isə qərardan narazı olduğunu açıqlayıb. Klub ittihamları qəbul etmədiyini və öz günahsızlığını təsdiqləyən çoxsaylı sübutların olduğunu bildirib.
İngiltərə təmsilçisi qərardan apellyasiya şikayəti verəcəyini və hüquqi mübarizəni davam etdirəcəyini açıqlayıb.