BAKI, 6 oktyabr. TELEQRAF
Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında erkən yaşlardan rəqəmsal səriştələrin inkişaf etdirilməsi, İKT-nin təhsildə tətbiqi və distant təhsil imkanlarının genişləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Teleqraf xəbər verir ki, Elm və Təhsil Nazirliyinin aidiyyəti qurumları tərəfindən “Süni İntellekt” həllərinin tətbiqi istiqamətində ilkin hazırlıq və təhlil işləri aparılmaqdadır.
Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri, təhsilalanlar üçün real dərs mühitində verdiyi suallara düzgün, dəqiq və başa düşülən cavablar təqdim edən və təhsilverənlər üçün isə metodik vəsaitlərin izahını, dərs planlarının hazırlanmasını və qiymətləndirmə meyarlarının izahını təmin edən süni intellekt həllərinin hazırlanmasıdır.
Süni intellekt texnologiyalarının siniflər üzrə mərhələli öyrənilməsi:
Təkmilləşdirilərək 2025-ci ildə təsdiq olunan informatika fənni üzrə təhsil proqramının müvafiq məzmun xətlərinə əsasən, təhsilalanlar informasiya cəmiyyəti və informasiya mədəniyyəti anlayışlarının mahiyyətini, kibertəhlükəsizlik problemlərini və fərdi məlumatların qorunması yollarını öyrənir, süni intellekt və onun tətbiq sahələrini tanıyır.
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində aşağıdakı siniflər üzrə Sİ-in tədrisi həyata keçirilir:
· V sinif - Sİ vizual texnologiyalarına giriş, layihələr üçün şəkil generasiyası üzrə praktik dərslər — mətn sənədləri və təqdimatlar üçün illüstrasiyalar;
· VI sinif - linqvistik dəstək alətləri, mətnlərin orfoqrafiya və üslub baxımından yoxlanılması üçün Sİ-dən istifadə;
· VII sinif - Sİ texnologiyalarının praktik mənimsənilməsi, məktəb layihələri üçün təsvirlərin yaradılması, tədris və gündəlik tapşırıqların həlli zamanı “ChatGPT” və digər Sİ-lərə sorğular (promptlar) tərtib etməyi öyrənmək;
· VIII sinif - multimedia məzmununun yaradılması, videoroliklər və cizgi filmləri üçün ssenarilərin yazılması və yaradıcı layihələrdə Sİ alətlərindən istifadə;
· IX sinif - veb-texnologiyalar və Sİ, neyron şəbəkələrin köməyi ilə saytların yaradılması — şablonların və maketlərin generasiyası, rəng sxemlərinin seçilməsi, məzmunun avtomatik yaradılması, vibe-coding, avtomatlaşdırılmış kodlaşdırma, mətndən koda çevirmə və əsas HTML/CSS teqlərinin öyrənilməsi;
· X sinif - Sİ ilə işləmək üçün əsas bacarıqlar, promptinqin əsaslarının öyrənilməsi və neyron şəbəkələrlə multimedia yaradılması, Sİ vasitəsilə video yaratmaq bacarıqlarının inkişafı;
· XI sinif - Sİ ilə işləmək üçün əsas bacarıqlar, mürəkkəb tədris və layihə tapşırıqlarının həlli üçün promptların dərinləşdirilmiş istifadəsi və dil modellərindən istifadə.
Bundan əlavə, layihə çərçivəsində formalaşdırılan informatika təmayüllü siniflərin şagirdlərinə Python proqramlaşdırma dilinin “Pandas” kitabxanası dərindən öyrədilir ki, bu da müasir verilənlərin analizi və maşın öyrənməsi texnologiyalarına hazırlıq baxımından prinsipial əhəmiyyət daşıyır.
Müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, interaktivlik və əlçatanlıq üçün milli onlayn “Rəqəmsal məktəb” təhsil platforması fəaliyyətə başlamışdır. İlkin mərhələdə “Rəqəmsal məktəb” platforması Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrini əhatə edir. Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.
Bundan başqa, 2025-ci ilin oktyabrında “Kod saatı” tədbiri çərçivəsində Sİ üzrə maarifləndirici müsabiqə keçiriləcək. Şagirdlər “Algorithmics” onlayn platformasında süni intellektin inkişafı və gündəlik həyatda praktik tətbiqlərinə həsr olunmuş tapşırıqları yerinə yetirəcəklər. Tapşırıqların bir qismi əl ilə həlli uzun vaxt tələb edən, lakin neyron şəbəkə alətləri ilə sürətli həll edilən tapşırıqlardır. Bu, Sİ-nin üstünlüklərini praktikada nümayiş etdirməyə imkan verir.
Keyfiyyətli müəllim hazırlığının artırılması məqsədilə "Alqoritmika" şirkəti tərəfindən yeni tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Müəllimin işində Sİ” adlı kurs hazırlanıb. Kurs neyron şəbəkələrlə praktik tanışlıq imkanı verir və pedaqoji fəaliyyətin avtomatlaşdırılması və optimallaşdırılması üçün Sİ alətlərindən istifadə imkanlarını nümayiş etdirir. Proqram pedaqoji ixtisasda təhsil alan bütün tələbələr üçün nəzərdə tutulub.