BAKI,10 sentyabr. TELEQRAF

Yeni tədris ili ərəfəsində valideynlərə övladlarının göz sağlamlığına diqqət etmələri tövsiyə olunur.

Teleqraf xəbər verir ki, Türkiyə Oftalmologiya Dərnəyinin rəhbəri, göz xəstəlikləri üzrə mütəxəssis Huban Atillaya görə, zəif görmə uşaqların dərsi izləmək, oxumaq və yazmaq bacarıqlarına birbaşa təsir göstərir.

“Uşaqların göz sağlamlığı öyrənmə prosesində mühüm rol oynayır. Lövhəni görə bilməyən, oxumaqda çətinlik çəkən və tez-tez baş ağrısı olan uşaqlarda görmə problemləri ola bilər. Zəif görmə dərsə marağı da azaldır. Belə hallarda mütləq oftalmoloqa müraciət edilməlidir”, - o, vurğulayıb.

Mütəxəssis erkən diaqnozun vacibliyini qeyd edərək bildirib ki, miyopiya, hipermetropiya, astiqmatizm, çəpgözlük və digər görmə problemləri vaxtında aşkar edilərsə, sadə müdaxilələrlə aradan qaldırıla bilər.

O, valideyn və müəllimlərə tövsiyə edib ki, uşaqların göz sağlamlığını qorumaq üçün mütəmadi müayinələr aparılsın, sinif otağı yaxşı işıqlandırılsın, ekran qarşısında vaxt məhdudlaşdırılsın və balanslı qidalanma təmin edilsin.