BAKI, 26 may. TELEQRAF
Cəfərzadə Əsmər Raqif qızı İsmayıl Şıxlı adına Kosalar kənd orta ümumtəhsil məktəbinin şagirdidir. Aprelin 13-də keçirilən 9-cu sinif buraxılış imtahanında mümkün 300 baldan 280 bal yığıb.
Həftəsonu 9 illik orta təhsil səviyyəsi üzrə aprelin 13-də keçirilən buraxılış imtahanının nəticələri elan olunanda maksimum bal toplamış 8 nəfər şagirddən birini tapıb imtahan haqqında təəssüratlarını öyrənmək istəyirdim. Bir az axtarış verdim və imtahanda yüksək nəticə göstərən şagirdlər haqqında materiallara baxdım. Yüksək bal yığanların əksəriyyəti Bakı məktəblərində idi (yayımlanan materiallara əsasən belə düşündüm). Fikirləşdim ki, kənd məktəblərində yaxşı nəticə göstərən şagirdləri də tanımaq lazımdır. Beləcə, müsahibim Əsməri tapdım.
Əsmər deyir ki, imtahanlarda çox həyəcanlanmır.
“İmtahanın bütün həyəcanı imtahan vərəqi gələnə qədərdir. Sualları görəndən sonra həyəcan unudulur”.
Əsmər, 300 baldan 280 bal yığıb. İtirdiyin balların Azərbaycan dilindən olduğunu deyir: "Bir az diqqətsizlik etdim". İmtahan nəticəsi də gözlədiyi kimi olub. Deyir ki, 275 bal gözləyirdim, 280 yığdım.
"280 balı görüb çox sevindim, özümə inamım artdı. İstəsəm daha yaxşı nəticə göstərə bilərəm. Qarşıdakı imtahanlara hazırlaşanda bu, mənim üçün böyük stimul olacaq. Bir şagird üçün ən önəmli şey özünəinam və iradəli olmaqdır. Bir də çalışmaq. Ailəmin nəticələrimə sevinməyi mənim üçün əsl dəstəkdir".
Əsmər imtahan suallarından qəti gileylənmədi: “İmtahan sualları çox çətin deyildi. İçərisində nisbətən çətinləri vardı, amma ümumilikdə çox çətin idi deyə bilmərəm. Yaxşı nəticə toplamaq zəhmət çəkib oxumaq, çalışmaqla və əzmlə bağlıdır. Məqsəd və hədəfin olmalıdır”.
Əsmərin arzusu ingilis dili üzrə mütəxəssis olmaqdır.
"İngilis dilini çox sevirəm, arzum Xarici Dillər Universitetinin tələbəsi olmaqdır. Vaxt tapdıqca da bədii kitablar oxuyuram. Dərslərlə əlaqədar olaraq bədii ədəbiyyata istədiyim qədər vaxt ayıra bilmirəm.
Mən məktəbimizin direktoruna, müəllimlərimizə bizim qayğımıza qalıb, hər şəraiti yaratdıqları üçün minnətdaram. Həbibə və Kamilə müəlliməyə, riyaziyyat müəlliməm Aygün müəlliməyə xüsusi təşəkkür edirəm. İmtahanda aşağı nəticə göstərən şagirdlərə demək istəyirəm ki, istəsələr, daha yaxşı nəticələr əldə edə bilərlər, sadəcə bir az zəhmət lazımdır. Bütün şagirdlərə və məzunlara imtahanlarda uğurlar arzulayıram".
Biz də imtahana hazırlaşan bütün şagirdlərə, məzunlara uğur arzulayırıq.