
BAKI, 25 fevral. TELEQRAF
Saat 15:00-dan 2024/2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.
Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək: “Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır. XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığından IX sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları sy.edu.az saytında “Digital Login” vasitəsilə qeydiyyatdan keçirək şəxsi kabinet yaradırlar”.
Qeyd olunub ki, valideynlərin şagird yerdəyişməsi ilə bağlı hər hansı sualları yarandıqda sy.edu.az elektron sisteminin əlaqə bölməsinə, ASAN xidmət mərkəzlərindəki “Təhsil” pəncərəsinə, MÜTDA-nın 146-2 çağrı mərkəzinə , Regional Təhsil İdarələrinə müraciət edə bilərlər.