BAKI, 7 oktyabr. TELEQRAF
Casusluq və dövlətə xəyanət şübhəsi ilə saxlanılan Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri (1998-2005) Auqust Hanninq uzun müddətdir ki, maliyyə çətinlikləri içində olub.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Bildirilir ki, Hanninqin pensiyası müsadirə edilib və o, borc içində olub. Səbəb Latviya PNB Banka bankının 2019-cu ildə müflisləşməsi olub. Hanninq NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen kimi, maliyyə qurumunun müşahidə şurasında çalışıb və şəxsən məsuliyyət daşıyıb.
"Bild"in məlumatına görə, söhbət təxminən 4 milyon avrodan gedir. Hətta 2022-ci ildə PNB-nin keçmiş rəhbəri o vaxtkı kansler Olaf Şoltsa məktub yazaraq, bankın müflisləşməsi məsələsini o vaxtkı Latviyanın Baş naziri Krişjanis Karinş qarşısında qaldırmasını xahiş edib. Lakin Hanninq heç bir yardım almayıb.
Qəzet qeyd edib ki, Almaniya hakimiyyət orqanlarının vacib dövlət məlumatlarının daşıyıcısının çətin maliyyə vəziyyətində qalması faktını niyə görməzdən gəlməsi aydın deyil.
7 oktyabrda Hanning və iş üzrə digər təqsirləndirilən şəxs, onun BND-dəki keçmiş aparat rəhbəri Manfred D. həbs edilib . Müstəntiqlər şübhəlilərin 2010-cu ildə razılaşma əldə etdiyinə inanırlar və bu razılaşmaya əsasən Manfred D. pul müqabilində Hanningə müntəzəm olaraq məxfi məlumatları ötürməyə razılaşıb. Keçmiş kəşfiyyat rəisi əldə etdiyi məlumatlardan şəxsi məsləhət işində istifadə edib. Baş Prokurorluğun məlumatına görə, xarici kəşfiyyat zabitinin analitik hesabat hazırlamaq üçün dövlət sirrindən istifadə etməsinə dair ən azı bir hal qeydə alınıb.
Hanninq dövlət sirlərini açıqlamaqda, dövlətə xəyanətdə və xarici dövlətə casusluqda şübhəli bilinir. Manfred D. isə kömək və təhrikçilikdə şübhəli bilinir.