BAKI, 24 noyabr. TELEQRAF

Albaniya Xarici İşlər Nazirliyi Liviyanın Benqazi limanına hücum edən Ukraynaya məxsus dəniz dronlarının ölkə ərazisindən buraxılması barədə yayılan məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə Albaniya Xarici İşlər Nazirliyi yerli və xarici mediada yayılan iddialara münasibət bildirərkən açıqlama yayıb.

“Bu məlumatlar həqiqətə uyğun deyil və real vəziyyəti əks etdirmir. Albaniyanın sözügedən hadisə ilə heç bir əlaqəsi yoxdur. Ölkəmizin ərazisindən belə bir hücumun həyata keçirilməsi və ya ona dəstək göstərilməsi üçün istifadə olunmayıb”, – nazirlik bildirib.

Albaniya XİN vurğulayıb ki, bu cür ittihamlar heç bir yoxlanıla bilən sübut təqdim edilmədən irəli sürülüb və Tirana onları qətiyyətlə rədd edir.

Qeyd edək ki, daha əvvəl Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni Ukraynanın Benqazi limanına hücuma görə məsuliyyəti üzərinə götürdüyünü iddia edərək bu addımı Liviya dövlətinə müharibə elan edilməsinə bərabər qiymətləndirmişdi.