BAKI, 24 noyabr. TELEQRAF
Yaxın Şərq ABŞ və İran arasında yeni hərbi eskalasiyaya tab gətirə bilməz.
Teleqraf xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
“Yaxın Şərq ABŞ və İran arasında gərginliyin yenidən artmasına tab gətirə bilməyəcək”, – Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, Doha Vaşinqton və Tehran arasında danışıqlar prosesinin bərpası üçün diplomatik səylər göstərir.
Al Tani qeyd edib ki, Qətər hər iki tərəflə əlaqələri davam etdirir və dialoqun yenidən başlanmasına vasitəçilik etməyə çalışır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla münaqişənin başa çatdırılması istiqamətində müsbət irəliləyişlərin olduğunu bildirsə də, Vaşinqtonun yeni zərbələr endirməyə hazır olduğunu da bəyan edib.
Bundan başqa, Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko Qətərin Moskvadakı səfiri Əhməd bin Nasir bin Casim Al Tani ilə ikitərəfli münasibətlərin inkişafını və Fars körfəzində vəziyyətin nizamlanmasını müzakirə edib.