BAKI, 24 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının Yəmənin cənubunda mülki nəqliyyat vasitələrinə endirdiyi hava zərbələri nəticəsində 25-dən çox insan ölüb və yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə husilərin yaratdığı hökumətin Səhiyyə Nazirliyinin nümayəndəsi Ənis əl-Əsbəhi məlumat yayıb.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının hərbi aviasiyası Ləhc əyalətinin Nəqil əl-Məqatirə bölgəsinə yeddi hava zərbəsi endirib.
Hücumlar zamanı cənub-qərbdə yerləşən Taiz əyalətinə istiqamətlənən sərnişin avtobusu, yük maşınları və digər mülki nəqliyyat vasitələri hədəfə alınıb.
“Nəticədə 25-dən çox dinc sakin həlak olub və yaralanıb. Onların əksəriyyəti ölkə daxilində məcburi köçkün vəziyyətinə düşmüş şəxslərdir”, – əl-Əsbəhi bildirib.
Qeyd edək ki, husilər daha əvvəl Səudiyyə Ərəbistanında yerləşən Şərq–Qərb neft kəmərinə beş pilotsuz uçuş aparatı ilə iki hücum həyata keçirdiklərini açıqlamışdılar.