BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ vitse-prezidenti Cey Di Vens Demokratlar Partiyasını Amerikaya və ölkəni quran insanlara nifrət etməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, Vens bunu Dallasda Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı deyib.
“Demokratlar nifrət partiyasıdır. Bu, Amerikaya və onu quran insanlara nifrət edən partiyadır. Bu partiya 11 sentyabr terror aktlarını törədən terrorçulara belə rəğbət göstərə bilir”, – vitse-prezident bildirib.
Vens qeyd edib ki, indiki Demokratlar Partiyası artıq Franklin Delano Ruzvelt, Con Kennedi, hətta Bill Klinton dövründəki partiya deyil.
O, respublikaçıların noyabrda keçiriləcək aralıq seçkilərdə demokratları məğlub edəcəyinə əminliyini ifadə edib.
“Noyabrda məsələ sadəcə ‘qırmızı’ və ‘mavi’ komandaların qarşıdurmasından daha böyükdür. Demokratlar Partiyasına bir mesaj verməliyik: əgər radikallarınızı namizəd göstərsəniz, sizi hakimiyyətdən uzaqlaşdıracağıq”, – Vens vurğulayıb.