BAKI, 11 sentyabr. TELEQRAF

Avropa ölkələri 2026-cı ildə Ukraynanın tələb etdiyi əlavə milyardlarla dollarlıq maliyyə yardımını tam şəkildə təmin edə bilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin on milyardlarla dollarlıq əlavə maliyyə tələbi Avropa hökumətləri üçün əlverişsiz vaxta təsadüf edib.

Avropalı rəsmilər qeyri-rəsmi söhbətlərdə Ukraynanın istədiyi bütün xərcləri qarşılaya bilməyəcəkləri barədə xəbərdarlıq edirlər.

WSJ qeyd edir ki, Almaniyada Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxan “Almaniya üçün Alternativ” (AfD) partiyasının, Fransada isə Marin Le Penin “Milli Birlik” partiyasının populyarlığının artması Avropa liderlərinin Kiyevə yeni maliyyə öhdəlikləri götürməsini çətinləşdirir.

Məlumata görə, hazırda Avropa İttifaqında mümkün siyasi nəticələr nəzərə alınaraq Ukraynaya yeni vəsait ayrılması ilə bağlı müzakirələrin yenidən başlanmasından yayınmağa çalışırlar.