BAKI, 31 avqust. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdə İslam ölkələrinin fikir ayrılıqlarını xarici müdaxilə olmadan həll edə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Pezeşkian Pakistanın son razılaşmaya gətirib çıxaran danışıqlarda konstruktiv roluna görə İslamabada təşəkkür edib.

İran Prezidenti ölkəsinin qarşı tərəfin öhdəliklərinə əməl etməsi şərtilə əldə olunan razılaşmanı həyata keçirməyə hazır olduğunu vurğulayıb.

Onun sözlərinə görə, regionda davamlı sülh və təhlükəsizlik yalnız regional ölkələrin əməkdaşlığı və həmrəyliyi, həmçinin xarici qüvvələrin müdaxiləsinin olmaması ilə təmin edilə bilər.

Şahbaz Şərif isə İran və Pakistanın qardaş ölkələr olduğunu və regionda sülh və rifahın təmin olunması üçün ortaq məsuliyyət daşıdığını bildirib.