BAKI, 30 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə İrəvanın Avropa İttifaqına qoşulmaq niyyəti ilə bağlı Moskvanın mövqeyini bir daha açıqlayacaq.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, yüksək səviyyədə hər bir təmas əhəmiyyətlidir. Onun sözlərinə görə, Putin görüşdən Rusiyanın arqumentlərini bir daha çatdırmaq üçün istifadə edəcək.
“Biz ermənilərin özündən daha çox erməni ola bilmərik. Təbii ki, öz taleləri ilə bağlı qərarı ermənilər özləri verəcəklər. Biz də onlara bunu etməyi, referendum keçirməyi təklif edirik”, - Peskov bildirib.
Kremlin nümayəndəsi xatırladıb ki, Avrasiya İqtisadi İttifaqının digər ölkələrinin liderləri də bu mövqeyi dəstəkləyərək Astanada keçirilən son sammitdə müvafiq bəyanat qəbul ediblər.
Peskovun sözlərinə görə, Putin və Paşinyanın görüşündə məhz bu məsələlər müzakirə olunacaq.