BAKI, 31 avqust. TELEQRAF

ABŞ İslandiyada Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpasına dair referendumun nəticələrinin ölkənin NATO-dakı üzvlüyünə təsir etməyəcəyinə əmindir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott yazılı açıqlamasında bildirib.

“Biz İslandiya xalqının suveren qərarına hörmət edirik və əminik ki, İslandiya NATO-nun güclü və dəyərli müttəfiqi, ABŞ və Avropanın yaxın tərəfdaşı olaraq qalacaq”, - açıqlamada qeyd olunub.

Piqott əlavə edib ki, Vaşinqton İslandiya ilə təhlükəsizlik və energetika da daxil olmaqla bütün sahələrdə tərəfdaşlıq əlaqələrini gücləndirməyə çalışır.

Qeyd edək ki, avqustun 29-da İslandiyada Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpasına dair referendum keçirilib. RUV teleşirkətinin son məlumatına əsasən, səsvermə iştirakçılarının 52 faizdən çoxu danışıqların bərpasının əleyhinə çıxıb.

İslandiyanın Baş naziri Kristrun Frostadottir hazırkı hökumətin məsələ ilə bağlı təkrar referendum təşəbbüsü irəli sürməyəcəyini açıqlayıb.

İslandiya 2009-cu ildə Aİ-yə üzvlük üçün müraciət etsə də, 2013-cü ildə danışıqlar prosesi dayandırılıb. Ölkə Şengen zonasına və Avropa İqtisadi Məkanına daxildir.