BAKI, 30 avqust. TELEQRAF

Macarıstanda 24 yaşlı kişi yüngülmühərrikli Cessna-172 təyyarəsini qaçıraraq “Paks” Atom Elektrik Stansiyasının üzərindəki məhdudlaşdırılmış hava məkanına daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə HVG yazıb.

Məlumata görə, kişi aerodroma daxil olaraq təyyarəni qaçırıb və “Paks” Atom Elektrik Stansiyasına doğru hərəkət edib. Təyyarənin AES üzərində məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra onun qarşısını almaq üçün iki “Gripen” qırıcısı havaya qaldırılıb.

Nəşrin məlumatına görə, təyyarənin pilotu çaşqın vəziyyətdə olub və “Paks” Atom Elektrik Stansiyasının ərazisində təhlükəli manevrlər edib.

Qırıcıların müdaxiləsindən sonra təyyarə günəbaxan tarlasında sərt eniş edib. Daha sonra kişi avtomobil qaçırmağa cəhd göstərib, lakin polis əməkdaşları tərəfindən saxlanılıb.