BAKI, 31 avqust. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə səfər edəcək.

Teleqraf TASS-a istinadən xəbər verir ki, Rusiya liderinin Qırğızıstana səfəri iki gün davam edəcək və proqram çərçivəsində çoxsaylı ikitərəfli görüşlər nəzərdə tutulub. Putin həm ŞƏT Dövlət Başçıları Şurasının iclasında, həm də “ŞƏT+” formatında keçiriləcək görüşdə iştirak edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin uzun və zəngin proqramının olduğunu bildirib.

Bişkekə çatdıqdan sonra Putinin ilk görüşlərindən biri Çin Sədri Si Cinpinlə olacaq. Tərəflərin Rusiya-Çin münasibətlərinin inkişafı və mühüm beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir. Görüşdə “Sibirin gücü-2” qaz kəməri layihəsinin də müzakirə olunacağı bildirilir.

Putin daha sonra Hindistanın Baş naziri Narendra Modi və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.

Rusiya lideri avqustun 31-də Bişkekdə VI Dünya Köçəri Oyunlarının açılış mərasiminə də qatılacaq.

Sentyabrın 1-də keçiriləcək ŞƏT sammitinin yekununda 20-25 sənədin imzalanması planlaşdırılır. Əsas sənədlərdən biri aktual regional və beynəlxalq məsələlərə dair ümumi yanaşmaları əks etdirəcək Bişkek Bəyannaməsi olacaq.

Həmin gün Putinin İran Prezidenti Məsud Pezeşkian, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Tacikistan Prezidenti Emoməli Rəhmon, Ermənistanın Baş naziri Nikol Paşinyan və digər liderlərlə də görüşləri nəzərdə tutulub.