BAKI, 31 avqust. TELEQRAF

“İsrail Baş naziri Benyamin Netanyahu ciddiyə alınacaq insan deyil”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Bəşəriyyətin, beynəlxalq ictimaiyyətin və təhlükəsizliyin ortaq düşməninə çevrilmiş Netanyahu ciddiyə alınacaq bir insan deyil”, - nazir bildirib.

Hakan Fidan qeyd edib ki, Netanyahu və onunla birlikdə hərəkət edənlər təkcə Türkiyə üçün deyil, bütün qlobal təhlükəsizlik üçün təhdid yaradır, buna görə də artıq onları dayandırmaq lazımdır.

“Beynəlxalq sistem Netanyahu təhdidinə qarşı mübarizə aparmalıdır. Mənim mesajım budur”, - Türkiyə xarici işlər naziri əlavə edib.

Xatırladaq ki, avqustun 18-də isə İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətində yerləşən Əbu-Dühur aerodromuna zərbə endirib. Hücum maddi ziyana səbəb olub. Ardınca İsrail Baş nazir Administrasiyası Dəməşqin Hələb yaxınlığındakı aviabazada Türkiyə qoşunlarının yerləşdirilməsinə icazə verdiyini iddia edib.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Tomas Barak hadisəni şərh edərkən, İsraillə Suriya və Türkiyə arasında münaqişələrin qarşısının alınması mexanizminin yaradılması üzərində işlədiklərini açıqlayıb.