BAKI, 31 avqust. TELEQRAF

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsi nəticəsində 508 nəfər (o cümlədən 82 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olunub. Ümumilikdə müsabiqədə iştirak etmək üçün 1457 bakalavr müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəbul olunan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək.

"Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə abiturient.az saytından əldə edə biləcəklər.

Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.

Qeydiyyat 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək", - məlumatda vurğulanıb.