BAKI, 16 avqust. TELEQRAF

ABŞ administrasiyası may ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi ilə İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani vasitəsilə əlaqə saxlayıb və tərəflər arasında mümkün danışıqların təşkili müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Ağ Ev may ayında Bərzani ilə əlaqə yaradıb. Portalın qeyd etdiyi kimi, İran Silahlı Qüvvələrinin elit bölmələrinin rəhbərliyi Bərzaniyə etibar edir. O, ABŞ-nin mesajlarını həmin vaxt İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı olan general-mayor Əhməd Vəhidiyə çatdırıb.

Vəhidi İraq Kürdüstanının rəhbərinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun İranlı danışıqlar aparan şəxslərin mövqeyini dəstəklədiyini bildirib. Vaşinqton daha əvvəl bu məsələyə şübhə ilə yanaşırdı. Bərzani bu məlumatı Ağ Evə çatdırıb.

“Axios”un mənbələri bildiriblər ki, ABŞ administrasiyası cavab aldıqdan sonra yeni təklif irəli sürüb. Vaşinqton Bərzaninin İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil şəhərində İran və ABŞ arasında nizamlanma üzrə qapalı ikitərəfli danışıqlar təşkil etməsini istəyib.

Bərzani bu təklifi Tehrana çatdırıb. İran tərəfi belə bir görüşün keçirilməsi imkanını istisna etməsə də, İsrail kəşfiyyatının fəaliyyəti ilə əlaqədar təhlükəsizlik məsələləri ilə bağlı narahatlığını ifadə edib.

Nəticədə Ərbildə nəzərdə tutulan görüş baş tutmayıb.