BAKI, 16 avqust. TELEQRAF
Zimbabvenin Kariba su anbarında bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə yüksəlib, axtarış-xilasetmə əməliyyatı isə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə “ZBC” telekanalı polis məlumatlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, hadisə avqustun 11-də Kariba su anbarında baş verib. Daha əvvəl qəza nəticəsində 68 nəfərin öldüyü bildirilmişdi.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Eyni zamanda həlak olanların yaxınları tərəfindən onların şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi aparılır.
Gəmidə neçə nəfərin olduğu hələ dəqiq müəyyən edilməyib. Buna səbəb valideynləri ilə birlikdə səyahət edən uşaqların bərəyə biletsiz buraxılmasıdır.
İlkin məlumata görə, güclü külək və dalğalanma nəticəsində bərə dərinliyi 50 metrdən çox olan su anbarında çevrilib. Gəmidə 160-dan çox insanın ola biləcəyi bildirilir. Onlardan 77 nəfər xilas edilib.