BAKI, 5 avqust. TELEQRAF
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Hörmüz boğazından keçən yeni gəmiçilik marşrutu müvəqqəti olacaq. O, marşrutun iki-dörd ay müddətində fəaliyyət göstərəcəyini, lakin zərurət yaranarsa uzadıla biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Qəribabadi bu fikirləri "IRNA"ya açıqlamasında deyib.
Onun sözlərinə görə, marşrut daha uzun müddət qüvvədə qala bilər, çünki gələcəkdə bizi hansı şərtlər gözlədiyini bilmirik .
Kazem Qəribabadi əlavə edib ki, tərəflər razılaşma ilə bağlı müzakirələri yekunlaşdırırlar. O, vurğulayıb ki, Hörmüz boğazından keçid üçün yeni qaydalar sərbəst naviqasiyanın tam bərpası demək deyil. Nazir müavini izah edib ki, bu, marşrutun böyük bir hissəsinin İranın ərazi sularından keçdiyi əvvəlki naviqasiya qaydalarına edilən dəyişiklikdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə bildirib ki , İran və Oman artıq Hörmüz boğazından keçən yeni gəmiçilik marşrutu üçün koordinatları razılaşdırıblar.
"Axios"un məlumatına görə, ölkələr arasında bağlanan razılaşmaya əsasən, Hörmüz boğazına və Fars körfəzinə daxil olan bütün gəmilər şimal marşrutu ilə İran sularından keçəcək. Boğazdan Ərəbistan dənizinə çıxan bütün gəmilər İranla koordinasiyalı şəkildə cənub marşrutu ilə Oman sularından keçəcək.