BAKI, 5 avqust. TELEQRAF

“Türkiyənin NATO üzrə bəzi müttəfiqləri Montrö boğazlar rejimi haqqında Montrö Konvensiyasının tətbiqində mümkün güzəştlərlə bağlı Ankara ilə təmasda olublar, amma Ankara bu sənədin müddəalarına qəti şəkildə əməl edir”.

Teleqraf xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“Bəzi müttəfiq dövlətlər müharibənin (Rusiya-Ukrayna savaşının – red.) tərəfi olmaq və müəyyən bir ölkəni (Ukraynanı - red.) dəstəkləmək məqsədilə boğazlardan istifadə məsələsində Türkiyə ilə çox intensiv təmaslar qurublar. Ancaq Türkiyə Montrö Konvensiyasına qeyd-şərtsiz əməl edir və bəzi müttəfiqlərə onların yanlış addım atdıqları bildirilib. Müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, Türkiyənin Konvensiyanın müddəalarına məsuliyyətlə riayət etməsi onun Qara dənizdə təhlükəsizliyin təmin olunması məsələsində düzgün mövqe tutduğunu göstərir”, - Çelik bildirib.

Türkiyə daha əvvəl də bəyan edib ki, Montrö Konvensiyasının 19-cu maddəsinə əsasən, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qara dəniz boğazlarını münaqişə tərəflərinin və bura çıxışı olmayan ölkələrin hərbi gəmiləri üçün bağlayıb. Ankara bu addımın bölgədə gərginliyin daha da artmasının qarşısını almağa yönəldiyini vurğulayıb.