BAKI, 5 avqust. TELEQRAF

İran və Oman Hörmüz boğazından keçəcək yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıb, yaxın vaxtlarda bununla bağlı birgə bəyanat verilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

O qeyd edib ki, tərəflərin nəzərdən keçirdiyi marşrutun coğrafi parametrləri artıq razılaşdırılıb:

“Əgər bəzi üçüncü tərəflər prosesə mane olmasalar, iki ölkənin razılaşdırılmış əsas bəndləri və başlıca məqamları əks etdirən birgə bəyanatı son baxılma və hazırlanma mərhələsindədir”.

“Associated Press”in (AP) yazdığına görə, Tehran və Oman Hörmüz boğazının yenidən açılması ilə bağlı saziş layihəsini yekunlaşdırsa da, sənəd hazırda İranın Ali rəhbəri Müctəba Xameneinin yekun təsdiqini gözləyir. Mənbənin bildirdiyinə görə, mümkün razılaşma ABŞ ilə İran arasında Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün müvəqqəti həlli nəzərdə tutur:

“Saziş ABŞ və İran arasında iyun ayında hərbi gərginliyə son qoyulması və Hörmüz boğazının açılması ilə bağlı əldə edilmiş, amma həyata keçirilməmiş anlaşma əsasında hazırlanıb”.

AP yazıb ki, razılaşma təsdiqlənərsə, bu, ABŞ və İran arasında Tehranın nüvə proqramı üzrə yekun sazişə nail olmaq məqsədilə danışıqların bərpasına zəmin yarada bilər.