BAKI, 5 avqust. TELEQRAF
“Rusiya Ukraynanın ballistik raketlərə qarşı istifadə olunan raket-interseptor ehtiyatlarının tükənməsindən istifadə edir”.
Teleqraf xəbər verir ki, bunu britaniyalı hərbi analitik Maykl Klark “Sky News”a müsahibəsində deyib.
Klarkın sözlərinə görə, son həftələr Rusiya xüsusilə Kiyevi ballistik raketlərlə intensiv şəkildə hədəfə alır və Ukrayna bu raketləri texniki baxımdan vurmaq imkanına malik deyil.
Analitik son hücumu misal gətirərək bildirib ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya tərəfindən buraxılan dronların 90 faizini məhv etsə də, ballistik raketlərin heç birini zərərsizləşdirə bilməyib:
“Bu da bütün ballistik raketlərin nəzərdə tutulan hədəflərə çatması deməkdir. Şübhəsiz, bu hücumlar Rusiya onları davam etdirmək imkanına malik olduğu müddətdə davam edəcək. Çünki Rusiya Zelenskinin açıq şəkildə dediyini bilir - Ukraynada ballistik raketləri vurmağa qadir sursat kəskin şəkildə çatışmır”.
Ekspert əlavə edib ki, Rusiya yalnız öz arsenalındakı ballistik raketlərdən deyil, həm də Şimali Koreyanın KN-23 ballistik raketlərindən istifadə edir:
“Putin anlayır ki, hazırda onun üçün imkan pəncərəsi yaranıb. Ballistik raketlər demək olar, hədəf aldıqları hər nöqtəyə çatır və Ukraynanın buna qarşı edə biləcəyi çox az şey var. O, Ukrayna üçün çox ağır qış yaratmağa çalışır. Zelenski isə dünyaya sual verir: siz buna sadəcə tamaşa edəcəksiniz? Gələn il vəziyyət Ukrayna üçün daha yaxşı ola bilər, amma bu il, bu qış onların çox ciddi problemi var və Putin bunu yaxşı bilir”.