BAKI, 28 iyul. TELEQRAF

Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın KuPS komandasının qonağı olacaq.

Teleqraf xəbər verir ki, Kuopio şəhərindəki “Savon Sanomat Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qarşılaşmanı İsraildən olan baş hakim Qal Leybovitz idarə edəcək.

Komandalar arasında Masazırda keçirilən ilk oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb. Azərbaycan təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edir.

“Sabah” KuPS səddini keçəcəyi təqdirdə, III təsnifat mərhələsində Danimarkanın “Orhus” (AGF) – Polşanın “Lex” (Lech Poznań) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub olacağı halda isə mübarizəsini UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Bu halda rəqib “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) cütünün məğlubu olacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi,

cavab oyunu
28 iyul

19:00. KuPS (Finlandiya) – Sabah (Azərbaycan)
Baş hakim: Qal Leybovitz (İsrail).
“Savon Sanomat Arena”, Kuopio.