BAKI, 11 iyul. TELEQRAF

Gürcüstanın hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı xüsusi əməliyyat zamanı aralarında Tsageri bələdiyyə məclisinin deputatı Laşa Letodianinin də olduğu 26 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, istintaqın versiyasına görə, Letodiani cinayətkar aləmin nümayəndələri ilə əlaqədə olub, onlar arasında yaranan münaqişələrin həllində iştirak edib. Eləcə də kriminal iyerarxiyada istifadə olunan qanunsuz maliyyə fondunun toplanmasına kömək göstərib.

Prokurorluğun iddiasına görə, deputat bir neçə ay ərzində cinayətkar aləmin nümayəndələrinin fəaliyyətini dəstəkləyib, pul müqabilində maliyyə mübahisələrinin həllində iştirak edib və kriminal avtoritet Şalva Nakeuri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Laşa Letodiani Tsageri bələdiyyə məclisində "Xalqın Gücü" fraksiyasına rəhbərlik edir. Bu siyasi qüvvə daha əvvəl seçkilərdə hakim "Gürcü Arzusu" partiyası ilə tərəfdaşlıq edib.