BAKI, 11 iyul. TELEQRAF

Hindistanın Baş naziri son 40 ildə ilk dəfə Yeni Zelandiyaya səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson Narendra Modini maorilərin ənənəvi salamlama mərasimi və hərbi fəxri qarovulun müşayiəti ilə qarşılayıb.

Narendra Modinin səfəri zamanı Yeni Zelandiya və Hindistan arasında müdafiə, təhlükəsizlik, ticarət və texnologiya sahələrini əhatə edən strateji tərəfdaşlıq haqqında razılıq əldə edilib.

Tərəflər bildiriblər ki, yeni strateji tərəfdaşlıq iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə və Hind-Sakit okean regionunda əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.

Razılaşmaya əsasən, birgə hərbi-dəniz təlimləri də daxil olmaqla müdafiə sahəsində əməkdaşlıq inkişaf etdiriləcək. Bundan əlavə, diplomatiya, ticarət, mədəniyyət, idman və elm sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.