BAKI, 11 iyul. TELEQRAF

Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində müvəqqəti hərbi şəhərciyin tikintisi ilə bağlı hazırlıq işləri aparır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin ERR xəbər portalı məlumat yayıb.

Məlumata görə, gələn il şəhərdə Estoniya Müdafiə Qüvvələrinin 150-yə qədər hərbçidən ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır.

İlk mərhələdə konteyner modullarından ibarət müvəqqəti hərbi şəhərcik tikiləcək və onun 2027-ci ilin əvvəlinədək istifadəyə verilməsi nəzərdə tutulur.

Növbəti mərhələdə isə Narvada daimi hərbi şəhərciyin inşası planlaşdırılır. Estoniya Müdafiə İnvestisiyaları Mərkəzinin məlumatına görə, əsas tikinti işləri 2026-cı ilin sonunda başlayacaq və 2028-ci ilin yayında başa çatacaq.

Mərkəzin layihələr portfelinin rəhbəri Ando Voqmanın sözlərinə görə, yeni hərbi obyekt təxminən 1 000 nəfər üçün nəzərdə tutulacaq, lakin burada daimi olaraq 200-ə yaxın hərbçi xidmət edəcək. Estoniya Müdafiə Qüvvələri Baş Qərargahının məlumatına əsasən, Narvada 1-ci Piyada Briqadasının bölməsinin yerləşdirilməsi planlaşdırılır.