BAKI, 11 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin tərkibində uzaqmənzilli əməliyyatlara cavabdeh xüsusi komandanlığın yaradılması barədə fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında məlumat verib.

“Bu gün Silahlı Qüvvələrin tərkibində xüsusi uzaqmənzilli komandanlığın yaradılması haqqında fərman imzaladım”, - deyə o bildirib.

Zelenski yeni qurumun fəaliyyət istiqamətləri və səlahiyyətləri barədə əlavə məlumat verməyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələri münaqişənin eskalasiyası kimi qiymətləndirmiş və bunun qarşıdurmanın inkişafına təsir göstərə biləcəyini bildirmişdi.

Kreml isə öz növbəsində gərginliyin artmasının təhlükəsizlik tədbirlərinin genişləndirilməsinə səbəb ola biləcəyini bəyan edib.