BAKI, 11 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiya üzvlərinə İranla danışıqların davam etdirilməsi barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp ABŞ-nin vitse-prezidenti Cey Di Vensə, dövlət katibi Marko Rubiaya, xüsusi nümayəndə Stiv Uitkoffa, kürəkəni Cared Kuşnerə və digər rəsmilərə Tehranla danışıqları davam etdirməyi tapşırıb.

Telekanalın məlumatında qeyd olunur ki, növbəti müzakirələrin şənbə günü Omanda keçirilməsi planlaşdırılır. Bununla belə, xəbərdə ABŞ nümayəndələrinin həmin görüşlərdə birbaşa iştirak edib-etməyəcəyi dəqiqləşdirilmir.

Bundan əvvəl İranın IRNA agentliyi xarici işlər naziri Abbas Əraqçinin iyulun 11-də Omana səfər edəcəyini yazmışdı. Bildirilirdi ki, Maskatda keçiriləcək görüşlərdə əsas diqqət Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Hörmüz boğazındakı gərginliyə və İran-Oman münasibətlərinə yönələcək.

Donald Tramp daha əvvəl ABŞ-nin İranın müraciəti əsasında münaqişənin nizamlanması ilə bağlı danışıqları davam etdirməyə razılaşdığını, lakin atəşkəs rejiminin artıq qüvvədə olmadığını bəyan etmişdi.