BAKI, 11 iyul. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqottun yazılı açıqlamasında bildirilib.

Məlumata görə, tərəflər Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin təmin olunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Onlar regionda təhlükəsizliyin və sabitliyin qorunması məqsədilə sıx koordinasiyanın vacibliyini vurğulayıblar”, – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyulun 8-də İrandan Küveyt və Bəhreynə qarşı hücumları dərhal dayandırmağı tələb edib və bu addımların nəticələrinə görə Tehranın məsuliyyət daşıdığını bəyan edib.

Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İran ərazisinə zərbələrinə cavab olaraq Bəhreyn və Küveytdə yerləşən Amerika hərbi obyektlərinə zərbələr endirdiyini açıqlamışdı.