BAKI, 10 iyul. TELEQRAF
ABŞ və İran nümayəndələri arasında texniki məsləhətləşmələr davam edir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqton Tehranla bağlı diplomatik həll yolunun tapılmasına sadiq qalır və tərəflər arasında texniki danışıqlar davam etdirilir.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın ali dini lideri Əli Xameneinin də həlak olduğu bildirilir.
İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Daha sonra İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə memoranduma dair danışıqlar keçirilib.
Qətər və Pakistanın birgə bəyanatında ilk raundun müsbət və konstruktiv atmosferdə keçdiyi, gələcək texniki məsləhətləşmələr üçün əsas yaradıldığı qeyd olunmuşdu.
Bununla belə, iyulun 8-nə keçən gecə ABŞ İranın Hörmüz boğazı ilə bağlı razılaşmaları pozduğunu bildirərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.