BAKI, 24 avqust. TELEQRAF
Gecə saatlarında Rusiyanın 66 hədəfi vurulub, onların arasında MiQ-29 təyyarəsi də var.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib.
“Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri düşmənin arxa cəbhəsində 66 hədəfə zərbə endirib. Əhəmiyyətli hədəflər arasında Rusiyanın Rostov vilayətinin Dolotinka yaşayış məntəqəsində yerləşən bir MiQ-29 təyyarəsi də var. Bundan əlavə, dörd radiolokasiya kompleksi vurulub: iki ədəd “Kasta-22”, “Nebo-SV” (hamısı Rostov vilayətində) və “ST-68” (Krımın Rozdolnoye yaşayış məntəqəsində)”, - o bildirib.
Həmçinin Xerson vilayətinin işğal olunmuş Strelkove yaşayış məntəqəsində xüsusi təyinatlı SOBR bölməsinin mövqeyi məhv edilib. İşğal olunmuş ərazilərdə bir sıra enerji qovşaqları, eləcə də Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid iki gəmi - tanker və yük gəmisi vurulub.
Brovdi həmçinin qeyd edib ki, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində Rusiya ordusunun 11 müvəqqəti dislokasiya məntəqəsində yanğın baş verib. O, həmçinin digər istiqamətlərdə Rusiya qoşunlarının marşrutu üzrə “Valpurgiya gecəsi sessiyası”nın keçirildiyini qeyd edib.