BAKI, 24 avqust. TELEQRAF

İranın Hörmüz boğazından keçən ticarət gəmilərindən ödəniş almaq planı güc nümayişindən daha çox, sanksiyalar, müharibə və ticarətdə yaranan problemlər fonunda hökumətin artan maliyyə təzyiqi ilə üzləşdiyini göstərir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

Hələ İran parlamentində yekun təsdiqini almayan bu plana əsasən, Tehran icazə verilən ölkələrin gəmilərindən naviqasiya, təhlükəsizlik, sığorta və yanacaqla təminat kimi xidmətlərə görə ödəniş ala bilər. Bu ödənişlərin məbləği və həyata keçirilmə mexanizmi hələ açıqlanmayıb.

Məqalədə qeyd olunub ki, rialın dəyərdən düşməsi, inflyasiya, neft satışının çətinləşməsi və İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli maliyyə şəbəkələrinə təzyiqlərin artması Tehranın gəlir mənbələrini məhdudlaşdırıb. Belə bir şəraitdə Tehran dünyanın ən mühüm enerji tranzit marşrutlarından birindən gəlir əldə etməyə çalışır.

Portal hesab edir ki, belə bir planın həyata keçirilməsi gəmiçilik və sığorta xərclərini artıra, Tehranla Körfəz ölkələri və Asiyanın iri neft idxalçıları arasındakı münasibətlərə əlavə təzyiq yarada bilər.

“Ynet” əlavə edib ki, bu planı tətbiq etmək cəhdi İranın iqtisadi imkanlarının getdikcə daha da məhdudlaşdığını göstərir.