BAKI, 24 avqust. TELEQRAF

“Partiyamız hakimiyyətə gələrsə, Almaniyanı Avrozona və Şengen zonasından çıxaracaq”.

Teleqraf xəbər verir ki, bunu “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel deyib.

“Avronun tətbiqindən əvvəl Almaniya daha yaxşı vəziyyətdə idi. Hazırda əmək qabiliyyətli əhalinin geniş təbəqələrinin ümumi şəkildə yoxsullaşmasının şahidi oluruq. Artıq güclü valyutaya malik ölkə deyilik, avro isə zəifləyir və bunun nəticəsində adi insanların vəsaitlərinin dəyəri azalır”, - AfD lideri bildirib.

Vaydel Almaniya sərhədlərinin qorunması sistemini də yenidən tənqid edib və ölkəsini Şengen zonasından çıxarmağa hazır olduğunu vurğulayıb: “Sərhədləri bağlayacağıq və Şengen sazişindən çıxacağıq ki, Seuta kimi yerlərdən olan insanlar artıq ölkəmizə daxil ola bilməsinlər”.

Qeyd edək ki, AfD Almaniyanın şərq vilayəti Saksoniya-Anxaltda seçkilərdə öndədir, 42 faiz dəstəyə malikdir. Saksoniya-Anxaltda seçkilər sentyabrın 6-da keçiriləcək. Bu, ilk dəfə olaraq radikal sağçı partiyanın üzvünə federal bölgələrdən birində baş nazir postunu tutmaq imkanı verə bilər.

Federal səviyyədə isə AfD rəy sorğularında Kansler Fridrix Mertsin rəhbərlik etdiyi partiyalar blokunu – Xristian-Demokrat İttifaqı (CDU) və Xristian-Sosial İttifaqını (CSU) xeyli qabaqlayır.