BAKI, 24 avqust. TELEQRAF
“TRIPP layihəsi (“Tramp marşrutu”) hazırda qismən aradan qaldırılmış Ermənistan blokadasına tamamilə son qoyacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Yeri gəlmişkən, Ermənistanın blokadası artıq qismən aradan qaldırılıb. Çünki 2025-ci ilin noyabrından etibarən Azərbaycanın dəmir yolu Gürcüstan ərazisi vasitəsilə Ermənistana idxal və Ermənistandan ixrac üçün açıqdır. Həmçinin, bildiyiniz kimi, Axalkalaki-Qars dəmir yolu may ayında Ermənistandan ixrac və Ermənistana idxal üçün açılıb. Hazırda Türkiyə yolları da Gürcüstan ərazisi vasitəsilə Ermənistan avtomobilləri üçün açılır”, - o bildirib.
Paşinyanın sözlərinə görə, TRIPP layihəsi yalnız Ermənistan və Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsini bərpa etməyəcək:
“Layihə Azərbaycan ərazisindən keçməklə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında, həmçinin Naxçıvan ərazisi vasitəsilə Ermənistanın şimal rayonları ilə Sünik vilayəti arasında dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutur. Bununla yanaşı, layihə Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya edəcək”.
Paşinyan vurğulayıb ki, layihənin həyata keçirilməsi İran, Naxçıvan, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Bəsrə körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsinin açılmasına da imkan verəcək. Onun sözlərinə görə, bu, İran, Azərbaycan, Ermənistan və Gürcüstan üçün epoxal dəyişiklik olacaq. Beləliklə, Ermənistan İranla dəmir yolu əlaqəsi əldə edəcək.
Baş nazir əlavə edib ki, dəmir yolu Azərbaycan ərazisi vasitəsilə Ermənistanı Rusiya və Mərkəzi Asiya ilə birləşdirəcək.