BAKI, 10 iyul. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı bəyanatlarının ciddi narahatlıq doğurduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, Netanyahu və Tramp arasında növbəti telefon danışığı baş tutub. Söhbət zamanı İsrail hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğanın və onun ətrafının səsləndirdiyi fikirlərin İsrail Dövlətinin mövcudluğuna qarşı yönəldiyini iddia edib.
Qeyd edək ki, Türkiyə hakimiyyəti son dövrlərdə İsraili Qəzza zolağında hərbi cinayətlər və soyqırımı törətməkdə ittiham edən sərt bəyanatlarla çıxış edir. Ankara 2024-cü ilin may ayından etibarən İsraillə bütün ticarət əlaqələrini dayandırıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 2-də İsraili “bütün dünya üçün problem”, İsrail rəhbərliyini isə “bəşəriyyətin artıq daşıya bilməyəcəyi yük” adlandırmışdı.