BAKI, 8 iyul. TELEQRAF
Serbiyalı tennisçi Novak Cokoviç Böyük Dəbilqə turnirlərinin tarixində mühüm nailiyyətə imza atıb.
Teleqraf xəbər verir ki, Cokoviç Uimbldonda 15-ci dəfə yarımfinal mərhələsinə yüksələrək eyni Böyük Dəbilqə turnirində bunu bacaran üçüncü tennisçi olub.
Açıq era dövründə bundan əvvəl yalnız ispaniyalı Rafael Nadal Fransa Açıq Çempionatında və isveçrəli Roger Federer Avstraliya Açıq Çempionatında 15 dəfə yarımfinala yüksəlməyi bacarıblar.
Uimbldonda ən çox çempionluq rekorduna Federer sahibdir. O, turnirin qalibi adını səkkiz dəfə qazanıb. Novak Cokoviçin hesabında isə yeddi titul var. Serbiyalı tennisçi bu göstəricidə amerikalı Pete Sampras və britaniyalı William Renshaw ilə ikinci yeri bölüşür.
Cokoviç həmçinin Uimbldon tarixində ən çox qələbə qazanan (107) və ən çox oyun keçirən (120) tennisçidir.
39 yaşlı Novak Cokoviç hazırda ATP reytinqində 8-ci pillədə qərarlaşıb. O, karyerası ərzində ATP turnirlərində 101 titul qazanıb. Bunlardan 24-ü Böyük Dəbilqə yarışlarının payına düşür ki, bu da kişilərin təkbətək yarışlarında rekord göstəricidir.
Serbiyalı tennisçi 2024-cü il Olimpiya Oyunlarının çempionu, 2008-ci il Olimpiadasının bürünc medalçısı və 2010-cu ildə Davis Kubokunun qalibi olub. O, həmçinin dünya reytinqinin birinci pilləsində keçirdiyi 428 həftə ilə mütləq rekordçudur.
Qeyd edək ki, Cokoviç ardıcıl səkkizinci dəfə Uimbldonun yarımfinalına yüksəlib. O, finala vəsiqə uğrunda hazırkı çempion və dünya reytinqinin lideri Jannik Sinner ilə qarşılaşacaq.