BAKI, 7 iyul. TELEQRAF
Çinin mərkəzində yerləşən Hubey əyalətində baş verən güclü tufanlar və qasırğavari küləklər nəticəsində azı 8 nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, əlverişsiz hava şəraiti iyulun 6-da əyalətin bir neçə şəhərində qeydə alınıb. Bəzi ərazilərdə güclü hava burulğanları və qasırğalar müşahidə olunub.
Hazırda bölgənin fövqəladə hallar idarəsi tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İtkin düşən şəxsin tapılması və fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Hadisənin vurduğu maddi ziyanın həcmi və digər təfərrüatlar barədə hələlik əlavə məlumat açıqlanmayıb.