BAKI, 7 iyul. TELEQRAF
İsveçrə Futbol Assosiasiyası (ASF) Beynəlxalq Futbol Federasiyasının (FİFA) ABŞ millisinin hücumçusu Folarin Baloqun ilə bağlı qəbul etdiyi qərarı tənqid edib.
Teleqraf xəbər verir ki, Assosiasiyanın yaydığı bəyanatda bildirilib ki, futbolçunun diskvalifikasiyasının dayandırılması və dünya çempionatının 1/8 final oyununda iştirakına icazə verilməsi bir sıra suallar doğurur.
“Baloqun işi üzrə qəbul edilən qərar, ona səbəb olan amillərdən asılı olmayaraq, İsveçrə Futbol Assosiasiyası üçün anlaşılan deyil. İndiyədək prinsip aydın idi: meydandan qovulan hər bir futbolçu növbəti oyunu avtomatik olaraq buraxırdı. Bu qayda hamıya eyni şəkildə tətbiq olunurdu və aydınlıqla ardıcıllığı təmin edirdi”, – bəyanatda qeyd olunub.
Qurum hesab edir ki, FİFA-nın son qərarı hakim qərarlarının nüfuzu, xüsusilə də VAR sisteminin tətbiqi baxımından qeyri-müəyyənlik yaradır.
Xatırladaq ki, FİFA-nın İntizam Komitəsi iyulun 5-də Baloqunun diskvalifikasiyasını müvəqqəti dayandıraraq onun Belçika ilə 1/8 final görüşündə iştirakına icazə verib. Daha sonra Belçika Kral Futbol Assosiasiyasının apellyasiya şikayəti də rədd olunub.
Jurnalist Ben Jacobs FİFA prezidenti Canni İnfantino ilə Ağ Ev arasında telefon danışığından sonra bu qərarın verildiyini iddia edib. ABŞ Prezidenti Donald Tramp isə sonradan İnfantinoya zəng etdiyini və futbolçunun diskvalifikasiyasına yenidən baxılmasını xahiş etdiyini təsdiqləyib.
Qeyd edək ki, Baloqun Bosniya və Herseqovina ilə 1/16 final oyununda müdafiəçi Tarik Muharemoviçə qarşı kobud qayda pozuntusuna görə qırmızı vərəqə almışdı.