BAKI, 7 iyul. TELEQRAF
NATO-ya üzv ölkələr iyulun 7-8-də Ankarada keçiriləcək sammit çərçivəsində müdafiə sənayesi sahəsində on milyardlarla dollar dəyərində yeni müqavilələr bağlayacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte “The Washington Post” qəzetində dərc olunan məqaləsində bildirib.
Rüttenin sözlərinə görə, sammit zamanı Avropa və Şimali Amerika şirkətləri ilə yeni müdafiə müqavilələrinin elan olunması nəzərdə tutulur.
“Liderlər Ankarada bir araya gələndə Avropa və Şimali Amerika şirkətləri ilə on milyardlarla dollar dəyərində yeni müqavilələri açıqlayacağıq. Eyni zamanda, bugünkü və gələcəyin təhlükəsizlik tələblərinə cavab vermək üçün əsas texnologiyalara necə investisiya yatırdığımızı nümayiş etdirəcəyik”, – deyə NATO baş katibi vurğulayıb.
O qeyd edib ki, alyans ölkələri sammitdə müdafiə sahəsinə yatırılan sərmayələri, təhlükəsizlik siyasətindəki dəyişiklikləri və sənaye potensialının gücləndirilməsi istiqamətində atılan addımları nümayiş etdirməyi planlaşdırırlar.
Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçılarının sammiti iyulun 7-8-də Ankarada keçiriləcək. Toplantının əsas gündəm mövzuları Avroatlantik məkan üçün təhdidlər, Ukrayna məsələsi və alyansın cənub cinahının təhlükəsizliyi olacaq.