BAKI, 7 iyul. TELEQRAF

Ukrayna Polşa istehsalı olmayan MiQ-29 qırıcılarının əldə olunması ilə bağlı danışıqları yenidən başlatmağa hazır olduğunu Varşavaya çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış PAP agentliyinə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, bir müddət əvvəl tərəflər arasında pilotsuz uçuş aparatlarının istehsalı və onlara qarşı mübarizə texnologiyalarının mübadiləsi ilə bağlı danışıqların dayanacağı gözlənilsə də, son günlər vəziyyət dəyişib.

“Düşünürdüm ki, danışıqlar dalana dirənəcək. Lakin ötən həftə baş verənlər və bəlkə də bu məsələdə nümayiş etdirdiyimiz qəti mövqe müzakirələrin davam etdirilməsi üçün imkan yaradıb. Ukrayna tərəfi bizə müraciət edərək bu məsələdə hələ də maraqlı olduğunu bildirib”, – deyə Kosinyak-Kamış vurğulayıb.

O qeyd edib ki, Varşava artıq yaxın iki il üçün pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı təkliflərini təqdim edib. Bu isə mümkün mübadilə variantını reallaşdırıla bilən edir.

Polşa müdafiə naziri xüsusilə vurğulayıb ki, söhbət MiQ-29 qırıcılarının Ukraynaya birbaşa verilməsindən deyil, qarşılıqlı texnologiya və imkanların mübadiləsindən gedir.

Xatırladaq ki, Kosinyak-Kamış iyunun 30-da bildirmişdi ki, Ukrayna pilotsuz uçuş aparatlarının istehsalı və zərərsizləşdirilməsi texnologiyalarını bölüşmədiyi üçün Polşa MiQ-29 təyyarələrini Kiyevə vermək niyyətində deyil.

Qeyd edək ki, Polşa Müdafiə Nazirliyi 2025-ci ilin dekabrında silahlanmadan çıxarılması planlaşdırılan 14 MiQ-29 təyyarəsindən 6-8-nin Ukraynaya verilməsi imkanını nəzərdən keçirdiyini açıqlamışdı.