BAKI, 7 iyul. TELEQRAF

Dünya İqtisadi Forumunun qurucusu Klaus Şvab evində yerləşən iş otağında dinləmə qurğusunun aşkar edildiyi iddiası ilə bağlı cinayət işinin başlanması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, şübhəli avadanlıq Cenevrədəki şəxsi iqamətgahında keçirilən planlı təhlükəsizlik yoxlaması zamanı aşkarlanıb. Evin yerləşdiyi ərazi World Economic Forum qərargahının yaxınlığında yerləşir.

Bildirilir ki, Klaus Şvab hüquq-mühafizə orqanlarına naməlum şəxslərlə bağlı ərizə təqdim edib və hadisənin araşdırılmasını istəyib.

Qeyd edək ki, Şvab ötən il forum rəhbərliyi ilə yaşanan fikir ayrılıqlarından sonra 54 il fəaliyyət göstərdiyi Dünya İqtisadi Forumundakı vəzifəsindən ayrılıb.