BAKI, 7 iyul. TELEQRAF
Avropa İttifaqının Rusiya enerji daşıyıcılarından imtina etməsi nəticəsində yaranan ümumi iqtisadi itkilərin 3 trilyon avroya çata biləcəyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinə istinadən “İzvestiya” qəzeti məlumat yayıb.
Diplomatik missiyanın açıqlamasında qeyd olunur ki, Brüsselin Rusiya ilə enerji sahəsində əlaqələri məhdudlaşdırmaq siyasətinin nəticələrini həm şirkətlər, həm də adi vətəndaşlar hiss ediblər.
Bildirilib ki, bu proses enerji qiymətlərinin kəskin bahalaşmasına, yaşayış səviyyəsinin aşağı düşməsinə, eləcə də bir sıra sənaye müəssisələrinin bağlanmasına və ya fəaliyyətlərini Aİ hüdudlarından kənara köçürməsinə səbəb olub.
Məlumatda həmçinin vurğulanıb ki, yüksək enerji xərcləri Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinə mənfi təsir göstərib.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso daha əvvəl Brüsselin bəzi Aİ ölkələrini Rusiya ilə enerji əlaqələrini kəsməyə məcbur etdiyini bildirmişdi. O, eyni zamanda Qərbi Avropa ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını davam etdirdiyini vurğulamışdı.
Fitso həmçinin Avropada yenidən “dəmir pərdə”nin formalaşmağa başladığını qeyd etmişdi.