BAKI, 7 iyul. TELEQRAF

İyunun 24-də Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 3 535 nəfərə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes özünün teleqram kanalında məlumat yayıb. O, təbii fəlakətin nəticələri və zərərçəkənlərə yardım istiqamətində görülən işlər barədə məlumat verib.

Hökumətin gündəlik hesabatına əsasən, zəlzələ nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 854 nəfər isə evsiz qalıb. Təbii fəlakət zamanı 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Həmçinin 25 016 nəfər xəstəxana və tibb müəssisələrində müalicə alıb. Zərərçəkən 86 794 ailəyə yardım göstərilib, onlara ümumilikdə 9 603 ton ərzaq çatdırılıb.

Qeyd edək ki, zəlzələ iyunun 24-ü axşam saatlarında Venesuelada baş verib. Təxminən 40 saniyə fərqlə maqnitudası 7,2 və 7,5 olan iki güclü yeraltı təkan qeydə alınıb. Təkanların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib.