BAKI, 6 iyul. TELEQRAF
Fransanın şərqindəki Vinqen-sür-Modere şəhərindəki Lalik zərgərlik sənəti muzeyində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, cinayətkarlar muzeydən təxminən 20 zərgərlik əşyası oğurlayıblar. Almaniyanın "Bild" qəzeti yazır ki, istintaqa görə, ümumi ziyan təxminən dörd milyon avro ola bilər.
Soyğunçular muzeyi öncədən araşdırıblar. Orada siqnalizasiya sistemi işləsə də, təhlükəsizlik vəziyyətinin qiymətləndirməsi vaxt aparıb. Hadisə yerinə ilk olaraq xadimə çatıb və dərhal jandarmaya məlumat verib.
Polis hazırda müşahidə kameralarının görüntülərini araşdırır. İstintaqın maraqları naminə hakimiyyət orqanları cinayətkarların mümkün qaçış yolları, istifadə etdikləri alətlər və ya mümkün əlbirləri barədə təfərrüatı açıqlamır. Hələlik həbs olunanlar barədə məlumat verilməyib.